Alman aviaşirkəti “Lufthansa”nın stüardessaları 10 aprel cümə günü gecə yarısı tətilə başlayıblar. Bu isə çox sayda uçuşun ləğvinə səbəb olub.
Reyting.az-ın məlumatına görə, həmkarlar ittifaqının nümayəndəsi bildirib ki, tətildə təxminən 20.000 işçi iştirak edir.
Tətil rəsmi olaraq yalnız Almaniyadan, xüsusən də Frankfurt və Münhendəki əsas mərkəzlərdən, eləcə də Leypsiq, Berlin, Ştutqart və digər şəhərlərdəki hava limanlarından uçuşları əhatə edir. Daşıyıcının ən böyük mərkəzi olan Frankfurtda planlaşdırılan uçuşların təxminən 75 faizi artıq ləğv edilib. Geri dönüş uçuşları da ləğv edilə bilər.
Şirkət sərnişinlərə uçuşlarının vəziyyətini əvvəlcədən yoxlamağı tövsiyə edir. Pulsuz yenidən bronlama və ya geri ödəmə də mümkündür. Uçuş gecikməsi üç saatdan çox olarsa, sərnişinlər kompensasiya almaq hüququna malikdirlər.
Həmkarlar ittifaqı “Lufthansa” rəhbərliyi və onun regional törəmə şirkəti “Lufthansa CityLine” ilə əməkhaqqı danışıqlarında irəliləyiş əldə etmək üçün tətilə əl atıb.
V. QULİYEV