Qazaxıstanın Jambıl vilayətində yerləşən Burxansay dərəsində aşkar edilən nadir tarixi tapıntılar yerli və xarici alimlərin böyük marağına səbəb olub. İlk olaraq Qazaxıstan mətbuatında yayılan məlumat son günlər türkoloqlar, tarixçilər və arxeoloqlar arasında yenidən geniş müzakirə olunur.
Reyting.az xəbər verir ki, arxeoloqlar Burxansay dərəsində 1200-dən çox petroqlif və qədim türk runik yazılarını üzə çıxarıblar. Bu tapıntılar Tunc dövründən başlayaraq orta əsrlərə qədər uzanan geniş tarixi mərhələləri əhatə edir və regionun qədim mədəniyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qayaüstü təsvirlərdə əsasən dağ keçiləri, birhürgüclü dəvələr, müxtəlif ov səhnələri və məişət həyatını əks etdirən motivlər yer alır. Tədqiqatçılar hesab edirlər ki, bu təsvirlər bölgədə qədim dövrlərdə maldarlıq və ovçuluğun geniş yayıldığını təsdiqləyən mühüm sübutlardır.
Tapıntılar arasında ən diqqətçəkəni qədim türkcə runik əlifba ilə yazılmış qısa mətn hesab olunur. Beş işarədən ibarət olan yazı alimlər tərəfindən “Er atım Aba” - yəni “Mənim adım Aba” kimi oxunub. Mütəxəssislərin fikrincə, bu yazı eramızın IV–X əsrlərinə aid ola bilər və qədim türk yazı mədəniyyətinin öyrənilməsi baxımından xüsusi elmi dəyərə malikdir.
Hazırda qazaxıstanlı alimlər petroqliflərin sənədləşdirilməsi, təsnifatı və elmi təhlili üzərində işləyirlər. Bununla yanaşı, Burxansay dərəsində qədim yaşayış məskənlərinin müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı arxeoloji tədqiqatların aparılması planlaşdırılır.
Qazaxıstan hökumətinin nəzarəti altında həyata keçirilən layihə çərçivəsində gələcəkdə tapıntılar barədə geniş elmi monoqrafiyanın nəşri nəzərdə tutulur. Həmçinin Burxansay dərəsinin tarixi-mədəni irs obyekti kimi dövlət mühafizəsinə götürülməsi istiqamətində də işlər aparılır.
Mütəxəssislər hesab edirlər ki, bu kəşf yalnız Qazaxıstanın deyil, bütövlükdə türk dünyasının qədim tarixi və mədəni irsinin öyrənilməsi üçün yeni imkanlar açır.

Oqtay Qorçu