Missisipi ştatının 10 mindən çox sakini ABŞ vətəndaşı kimi hüquqlarının pozulduğunu bildirir. Sakinlər amerikalı milyarder və dünyanın ən zəngin iş adamlarından biri olan İlon Maska məxsus "xAI" və "SpaceX" şirkətlərinə qarşı kollektiv iddia qaldırıblar.
Reyting.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, data mərkəzlərini enerji ilə təmin etmək üçün Maskın şirkətləri tərəfindən quraşdırılmış elektrik stansiyasının qaz turbinləri fasiləsiz işləyərək güclü səs-küy yaradır və bu, onların sağlamlığına mənfi təsir göstərir.
İddiaçılar yuxu pozğunluğu, narahatlıq və baş ağrılarından şikayət etdiklərini, həmçinin səs-küy səbəbindən daşınmaz əmlaklarının dəyərinin aşağı düşdüyünü bildiriblər.
Missisipinin 10 mindən çox sakini bu iddiadan geri çəkilməyəcəklərini bəyan edərək, dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb edirlər.
Bu böyük qalmaqal Missisipinin Southaven şəhərində yerləşən və "xAI" şirkətinin 20 milyard dollardan çox sərmayə yatırdığı iri enerji obyektinə aiddir. Yerli sakinlər turbinlərdən gələn qulaqbatırıcı səsi hətta reaktiv mühərriklərin uğultusu ilə müqayisə edirlər.
Bundan əlavə, məlumata görə, "xAI" şirkəti hazırda ekoloji normaların pozulması ilə bağlı başqa bir məhkəmə araşdırması ilə də üzləşib. Bu fakt Missisipi məhkəməsində İlon Maskın təmsilçilərinin on mindən artıq iddiaçı qarşısında ciddi çətinliklərlə üzləşə biləcəyini göstərir.
Oqtay Qorçu